23 Mart 2016 Çarşamba

İl ərzində fəsillərin dəyişməsinə səbəb?

     Bizim  planetimiz olan Yer daima öz oxu ətrafında və   eyni zamanda da Günəş ətrafında fırlanır. Günəş planetin müxtəlif hissələrini-  Şimal və Cənub yarımkürələrini fərqli olaraq işıqlandırır. Yer Günəşin şimal yarımkürəsi tərəfdə olduğu zaman, ona daha çox işıq və istilik düşür və müvafiq  olaraq Yerdə yay olur.
      Eyni vaxtda əksinə olaraq  Cənub yarımkürəsində qış olur.  Yarım ildən  sonra hər şey tərsinə olacaqdır.  Şimal  yarımkürəsinə qış, Cənub yarımkürəsinə isə yay gələcək.
    Hər iki yarımkürə eyni dərəcədə  işıqlandığı zaman isə planetimizdə  payız  yaxud da  yaz fəsli olur. Müxtəlif  yarımkürələrdə həmişə ilin müxtəlif fəsilləri olur.
      İlin dörd fəslindən hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara bəxş etdiyi əhvali-ruhiyyə ilə digərindən fərqlənir. Bəyaz qış şaxtası, qarı ilə cəlbedicidir. Soyuq qış günlərində parklarda, kənd yollarında gəzişmək,
ins-cins gözə dəyməyən meşədə ova çıxmaq adama sehrli nağıl təsiri bağışlayır. Hər tərəf ağappaq örpəyə bürünüb, ətrafa çökən sükutu pozmaq belə istəmirsən. İrəlilədikcə ayağının altında qalan yumşaq qar xırıldayaraq yapıxır,
lakin quşbaşı yağan qar arxanca əmələ gələn ləpirləri bir azdan yox edir.
   Lakin çox keçmir ki, hansısa bir sehrli qüvvə qarı, buzu əritməyə başlayır. Hər tərəf sel-suya qərq olur. Küləklər göyün üzündəki buludları qovub aparır. Havalar yavaş-yavaş isinir. Bu, yazdır. İlin çiçək fəsli başlayır. Təbiət qış yuxusundan oyanır. Tumurcuqlar şişir, elə bil çırtlayıb açılmağa kiçik bir səbəb axtarırlar. Çayların suyu artır, dərələrə, düzlərə, çəmənliklərə sanki allı-güllü yaşıl xalı sərilir. Quşlar yazın gəlişini cəh-cəhlə, şirin nəğmələrlə qarşılayırlar
    Şıltaq yaz günləri isti yay ayları ilə əvəzlənir. Yay həm uşaqların, həm də böyüklərin çox gözlədikləri fəsildir. Buda təsadüfi deyil. Yazın son ayında məktəblərdə dərs ili başa çatır. Qarşıdan uzun yay tətili gəlir. Hərə yay tətilini bir cür keçirməyi xoşlayır. Kimi uzaq-uzaq ölkələrə səyahətlər etmək barədə düşünür, kimi də istirahətini Azərbaycanın müxtəlif rayonlarında keçirməyə üstünlük verir.
    Adətən el arasında payıza "qızıl payız" deyirlər. Bu, bir tərəfdən payızda məhsulun yetişməsi ilə bağlıdır. Bəli, payız-məhsul fəslidir. İnsanlar zəhmətlərinin bəhrəsini əsasən payız aylarında görürlər. Günlər ötdükcə ağacların yarpaqları seyrəlir, bağlarda, parklarda, meşələrdə sanki yerə sarı-qızılı rəngli xalı döşənir. Gah günəş çıxır, gah bərk külək əsir, gah da göyün üzünü qara buludlar örtür, hər tərəfi çiskin bürüyür, yağış yağmağa başlayır.
    Göründüyü kimi ilin fəsilləri öz rənga-rəng cəhətləri ilə bir-birindən fərqlənirlər. Elə buna görə də insanlar hər fəslin gəlişini səbirsizliklə gözləyirlər.

Hiç yorum yok:

Yorum Gönder